Yanacağa qənaət üçün necə sürməli? – SINANMIŞ QAYDALAR
Yeniliklər / Cümə, 22 Aprel, 2011 / 2429 Baxılıb

Avtomobil icad olunandan bəri yanacağa qənaət məsələsi həm istehsalçı, həm də istehlakçıları düşündürür.

Yanacaq sərfi 3 litri keçməyən mikroavtomobil sürücüsü də, 20 litr yanacaqla 100 km yolu gedə bilməyən bahalı modellərin sürücüləri də yanacağa qənaət barədə fikirləşir və özünəməxsus metodlar tapırlar.

Bəs qənaətcil sürüş rejimi üçün nə etmək lazımdır? Lent.az sınanmış metodların bəzilərini sizə təqdim edir.

Avtomobilin yanacaq sərfini azaltmaq üçün ən birinci şərt onun saz vəziyyətdə olmasıdır. Mühərrikdə problem olduğu təqdirdə yanacaq sərfinin artması labüddür. Bakı kimi tozlu şəhərlərdə isə yanacaq sərfini azaltmaq üçün hava və yanacaq filtrlərinin tez-tez dəyişdirilməsi zəruridir. Rus saytlarının birinin apardığı hesablamaya görə, Avropada 50 000 km xidmət edə bilən hava və ya yanacaq filtri MDB-də ömrünü cəmi 10 000 km-də başa vurur. Praktikada isə biz insanların bu filtrləri bəzən illərlə dəyişmədiyinin şahidi oluruq. Filtrlərin vaxtaşırı dəyişdirilməsi dizel və injektor mühərriklərində forsunka təmizləmək kimi riskli (yerli şəraitdə) işdən qaçmağa imkan verir.

Benzin mühərriklərində isə alışdırma şamlarının təzələnməsi həm mühərrikin gücünü artırır, həm də yanacaq sərfini aşağı salır (platin başlıqlı şam qoyularsa daha gözəl nəticə alınar).

Şinlərdə təzyiqin normal olması da yanacaq sərfinə təsir edir. Belə ki təzyiqin 2-dən 1.5 Kp-a düşməsi yanacaq sərfini 3%-dək artırır. Təkərlərin mövsümə uyğun seçilməsi və təkərlərin düzgün balanslanması da zəruridir.

Avtomobildə daşınan lüzumsuz yüklər də sürücünün cibinə təsir edir. 50 kq əlavə yük yanacaq sərfini təqribən 2% artırır (modeldən asılı olaraq).

Avtomobilin yanacaq sərfinə təsir edən faktorlardan biri də aerodinamikadır. Yanacaq sərfinin az olması üçün konstruktorlar avtomobillərin havaya müqavimətini azaltmağa çalışırlar. Lakin sürücülər gündəlikdə özləri də bilmədən avtomobilin aerodinamik quruluşuna xələl gətirirlər. Avtomobili uzun müddət pəncərələri açıq şəkildə və ya üstdəki baqajla idarə etmək, Çinin əyalətlərində hazırlanmış (qeyri-standart) spoylerlər taxmaq yanacaq sərfini əhəmiyyətli dərəcədə artırır.

Kondisionerdən istifadə edilərkən yanacaq sərfi 10%-dək arta bilər. Bu fərq benzin mühərrikdə daha tez hiss olunur.

Yanacaq sərfini azaltmaq üçün kəskin manevrlərdən, qəfil tormozlamadan qaçmaq lazımdır. Kəskin tormozlama zamanı təkrarən sürət yığmaq üçün mühərrik böyük dördə işləməyə məcbur olur ki, bununla da sərfiyyat artır.

Pik saatlarında tıxacda gözləyərkən də yanacaq sərf olunur.

Az sərfiyyat üçün vacib şərtlərdən biri də, sürücülük vərdişidir. Avtomobili yerindən ehtiyatla hərəkətə gətirilərsə, optimal sürət rejimi seçilərsə həm sərfiyyat azalar, həm də təhlükəsizlik təmin edilmiş olar. Əksər modellər üçün optimal sürət 80-100 km/saat arasında dəyişir.

Bir dəqiqədən artıq müddətə dayandıqda mühərriki söndürmək tövsiyə olunur.

Şəxsi müşahidələrimiz zamanı Bakıda bir çox bahalı avtomobil sahiblərinin yanacağa qənaət etmək üçün yayda kondisionerdən istifadə etmədiklərinin şahidi olduq.

Ümumilikdə isə mühərrik həcmi və kütləsi az olan avtomobildə sərfiyyatın az olması fiziki qanundur. Bəzi hallarda isə zəif mühərrik də yanacaq sərfinin artmasına səbəb olur (bu da başqa bir yazının mövzusudur).

Əziz sürücülər! Yanacağa qənaət həm sizin maddi vəziyyətiniz, həm də bütün insanların sağlamlığı üçün zəruridir. Unutmayaq ki, 1 litr yanacağın silindrdə normal alışması üçün 15 litr hava tələb olunur. Hər sürücü ayda cəmi 1 litr yanacağa qənaət edərsə, ekologiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdırmış olarıq.

PS. Araşdırma zamanı rus saytlarının birində yanacağa qənaət üçün maraqlı bir təklifə rast gəldim: Yolda böyük yük avtomobili və ya avtobusun arxasınca (ara məsafəsi yaxın olmaq şərtilə) hərəkət edən minik avtomobilində yanacaq sərfi aşağı düşür. Buna səbəb isə yüksək sürətlə hərəkət edən yük avtomobili və ya avtobusun arxasında hava boşluğunun yaranması nəticəsində minik avtomobilinin havaya müqavimətinin azalmasıdır (aerodinamika). Bu metodun doğru olması nəzəri baxımdan şübhə doğurmur. Lakin biz bu metodu təcrübi olaraq nə sınamağı, nə də tətbiqini tövsiyə etmirik.

Lent.az

Oxşar xəbərlər
Yeni xəbrlər